Böyük Britaniyada yük maşını sürücüsü 90 kiloqram kokaini qaçaqmalçılıq yolu ilə ölkəyə keçirməyə cəhd etdiyinə görə 13,5 il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə CBS məlumat yayıb.
Məlumata görə, narkotik maddə biznes-ledi Kim Kardaşyana məxsus Skims brendinin geyim və alt paltarları partiyasının arasında gizlədilib.
Sürücü Essex qraflığındakı limanda saxlanılıb. O, Niderlanddan gətirilən və Skims brendinə aid 28 palet geyim daşıyırdı.
İstintaq müəyyən edib ki, yolda yükə narkotik maddələr əlavə olunub. Kokain hər biri bir kiloqramlıq bağlamalar şəklində qablaşdırılıb və yük maşınının konstruksiyasında xüsusi hazırlanmış gizli bölmədə saxlanılıb.
Nəşr qeyd edir ki, geyim partiyası tamamilə qanuni olub. Malların nə göndəricisi, nə də alıcısı qaçaqmalçılıqla bağlı olmayıb.
Sürücü əvvəlcə kokain daşınmasında iştirakını inkar edib. Lakin daha sonra yükü 4500 avro qarşılığında çatdırmağa razılaşdığını etiraf edib.
CBS yazır ki, cinayətkar qruplar narkotik daşınması üçün tez-tez sürücülərdən istifadə edir və bunu qanuni tədarük adı altında həyata keçirirlər.

