İranın ali liderinin hərbi müşaviri Möhsün Rezayi ABŞ-a sərt xəbərdarlıq edib. O bildirib ki, genişmiqyaslı hərbi əməliyyatlar yenidən başlayacağı halda Tehran Vaşinqtonu geri çəkilməyə məcbur edəcək.
Möhsün Rezayi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O, hərbi zərbə üçün son tarix müəyyən edir, sonra isə özü bunu ləğv edir. Güclü silahlı qüvvələrin və böyük İran xalqının dəmir yumruğu onları geri çəkilməyə və təslim olmağa məcbur edəcək,
— deyə Rezayi yazıb.
İranın “Tasnim” agentliyi isə bildirib ki, İran Silahlı Qüvvələrinin Mərkəzi Qərargahının komandanı, general-mayor Əli Abdollahi də ABŞ və onun müttəfiqlərinə xəbərdarlıq edib.
O, Vaşinqtonu növbəti “strateji səhv” və ya yanlış hesablamadan çəkinməyə çağırıb.
Əli Abdollahi qeyd edib ki, İran Silahlı Qüvvələri əvvəlkindən daha hazırlıqlı və güclüdür. Onun sözlərinə görə, İran istənilən təcavüzə cavab verməyə hazırdır.
General xəbərdarlıq edib ki, bundan sonra atılacaq hər hansı səhv addım əvvəlkilərdən daha güclü cavabla nəticələnəcək.
İran rəsmilərinin açıqlamaları ABŞ Prezidenti Donald Trampın İrana qarşı zərbələrin bərpası planının iki-üç gün müddətinə dayandırıldığını bildirməsindən sonra səslənib.

