Sumqayıt şəhərində fəaliyyət göstərən Pine Park Restoranında maraqlı hadisə baş verib.
Belə ki, iki nəfər şəxs restoranda yeyib-içdikdən sonra hesab ödəmədən ərazidən uzaqlaşıb.
Bu barədə Denmedia.az saytına restoranın inzibatçısı Elxan Şıxməmmədov məlumat verib.
Onun sözlərinə görə, həmin şəxslər restoranda müxtəlif yemək və içkilər sifariş edərək, ümumilikdə 100 manata yaxın hesab yaradıblar.
İnzibatçı bildirib ki, şəxslər əvvəlcə sakit şəkildə oturaraq sifarişlərini qəbul edib, daha sonra isə işçilərin diqqətindən yayınaraq bir-bir restorandan çıxıblar. Hadisə bir müddət sonra hesab təqdim edilərkən məlum olub.
Restoran əməkdaşlarının sözlərinə görə, hadisə təhlükəsizlik kameraları vasitəsilə araşdırılır. Məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat veriləcəyi bildirilib.
Baş verən hadisə sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. Sakinlər bu cür halların ictimai iaşə obyektlərinə maddi zərər vurduğunu və sahibkarların əməyinə hörmətsizlik olduğunu qeyd edirlər.
Ellada Rəsul
Denmedia.az

