Bəzi insanların şirniyyata və un məmulatlarına meyli sadəcə vərdiş deyil, neyrofizioloji proseslərin nəticəsidir. Belə məhsullar qəbul edildikdə orqanizmdə “mükafat effekti” yaranır və insan özünü məmnun hiss edir.
Sadə karbohidratlar bədənə daxil olduqda sürətlə qlükozaya parçalanır və qan şəkərinin səviyyəsi kəskin artır. Beyin bunu güclü və tez enerji mənbəyi kimi qəbul edir. Nəticədə mükafat sistemi aktivləşir və dopamin adlı neyromediator ifraz olunur — bu maddə zövq və razılıq hissi yaradır.
“Bu proses beyində müsbət təcrübə kimi yadda qalır və insanı həmin hissi yenidən yaşamağa sövq edir,” — deyə həkim izah edib.
Lakin o, xəbərdarlıq edib ki, belə “şəkər partlayışı” çox qısamüddətli olur — qlükoza səviyyəsinin sürətli yüksəlişindən dərhal sonra kəskin enmə baş verir, bu da halsızlıq və aclıq hissinə gətirib çıxarır.

