Avstraliyada təxminən 10 ildən sonra ilk dəfə difteriyaya yoluxan şəxsin ölümü qeydə alınıb.
Bu barədə news.com.au ölkənin səhiyyə naziri Mark Batlerin açıqlamasına istinadən məlumat yayıb.
Məlumata görə, ölüm faktı Şimal Ərazisində baş verib. Buradan yayılan infeksiya daha sonra Qərbi Avstraliya, Kvinslend və Cənubi Avstraliyada da qeydə alınıb. Şimal Ərazisində yoluxma hallarının demək olar ki, hamısı yerli əhali arasında müşahidə olunur.
Epidemiya başlayandan bəri Şimal Ərazisində 133 yoluxma, Qərbi Avstraliyada 79, Cənubi Avstraliyada 6, Kvinslenddə isə 5 yoluxma halı aşkarlanıb.
Mark Batler bildirib ki, onun rəhbərlik etdiyi qurum Şimal Ərazisi hakimiyyəti və aborigenlərin nəzarətində olan təşkilatlarla birlikdə vaksinasiya tədbirlərini gücləndirir. Nazir qeyd edib ki, böyüklər hər 5 ildən bir təkrar peyvənd olunmalıdırlar.
Mərkəzi Avstraliya Aborigen Sağlamlıq Xidmətinin baş həkimi Con Boffa bildirib ki, hazırda hər həftə təxminən 15-20 yeni difteriya halı qeydə alınır. Bununla belə, onun sözlərinə görə, bu göstərici tədricən azalır.
Həkim qeyd edib ki, regionda ilkin vaksinasiya səviyyəsi yaxşıdır, lakin bir çox insan təkrar peyvəndləri etdirmir. Bu arada yüksək risk qrupları üçün buster peyvəndlər arasındakı tövsiyə olunan interval 10 ildən 5 ilə endirilib.
Doktor Boffa xəbərdarlıq edib ki, yoluxma riski hər yerdə mövcuddur. O, boğaz ağrısı və ya dəridə yara olan şəxsləri dərhal klinikalara müraciət etməyə və yaxma analizi verməyə çağırıb.
Qeyd edək ki, difteriya burun və boğazın selikli qişasını, həmçinin dərini zədələyən bakterial infeksiyadır. Xəstəliyin əlamətləri arasında boğazda boz təbəqə, ağrı, vəzilərin şişməsi, qızdırma və nəfəs almaqda çətinlik var.
Vaxtında vaksinasiya olunmadıqda difteriya ciddi fəsadlara səbəb ola bilər. Bununla belə, xəstəlik dərman müalicəsinə tabe olur.

