"Şuşada yeni yaşayış komplekslərinin tikintisi sürətlə davam edir və gələn ildən şəhərə növbəti köç mərhələsinin başlanması planlaşdırılır".
Bunu Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov World Urban Forum 13 çərçivəsində keçirilən “Postmünaqişə dövründə şəhərsalma planlaması: itirilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin qurulması” adlı tədbirdə jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırda Şuşada üçmərtəbəli yaşayış binaları inşa olunur. Planlaşdırılır ki, bu komplekslərdə təxminən 800-900 ailə üçün mənzillər hazır olsun.
Aydın Kərimov qeyd edib ki, keçmiş məcburi köçkünlərin Şuşaya qayıdışı növbəti ilin birinci və ikinci rübündə başlayacaq. Ümumilikdə 3000-dən çox insanın yeni yaşayış komplekslərinə köçürülməsi gözlənilir.
Xüsusi nümayəndə şəhərdə sosial infrastrukturun da genişləndirildiyini vurğulayıb. Onun sözlərinə görə, uşaq bağçası artıq fəaliyyətə başlayıb, yaxın vaxtlarda isə məktəblərin istifadəyə verilməsi nəzərdə tutulur.
Bundan başqa, Qarabağ Universitetinin incəsənət, turizm və qonaqpərvərlik fakültələrinin Şuşaya köçürülməsi planlaşdırılır. Bu isə təxminən 1500 müəllim və tələbənin şəhərdə daimi məskunlaşması deməkdir.
Aydın Kərimov əlavə edib ki, Şuşada memarlıq baxımından xüsusi və mürəkkəb hesab edilən böyük kompleks layihənin tikintisi də aparılır. Layihənin gələn ilin əvvəlində tamamlanması gözlənilir. Obyekt həm yerli sakinlər, həm də ziyarətçilər üçün açıq olacaq.

