İndoneziyanın Sulavesi adasında tapılan torlu piton (Malayopython reticulatus) dünyanın ən uzun ilanı kimi rəsmi şəkildə tanınıb. Bu barədə Ginnesin Rekordlar Kitabının saytında məlumat verilib.
“Baronessa” adı verilən ilan ötən ilin sonunda Maros dairəsində aşkarlanıb. Onun başdan quyruğun ucunadək uzunluğu 7,22 metr təşkil edir. Mütəxəssislərin sözlərinə görə, tam rahat vəziyyətdə ilan daha azı 10 faiz uzana bilərdi, lakin bu vəziyyət yalnız narkoz altında mümkün olduğundan, “Baronessa” üçün risklər nəzərə alınaraq prosedurdan imtina edilib.
Pitonun çəkisi 96,5 kiloqramdır.
Hazırda “Baronessa” Marosda ilanlar üçün sığınacaq yaradan yerli təbiət mühafizəçisinin himayəsindədir.
Qeyd edək ki, pitonlar zəhərsiz, iri ölçülü ilanlardır və əsasən Afrika, Asiya və Avstraliyanın tropik və subtropik bölgələrində yayılıblar.

