ABŞ-da Erin Merelli vəfat etmiş bacısının xatirəsini qeyri-adi şəkildə əbədiləşdirib. Bu barədə Need To Know nəşri məlumat yayıb.
Məlumata görə, qadın bacısının sağlığında etdiyi istəyini yerinə yetirmək üçün onun qalıqlarından hazırlanmış külək zəngi (wind chime) düzəldib və evinin eyvanına asıb. Bacısı bir vaxtlar maral sümüklərindən hazırlanmış əl işindən ilhamlanaraq, ölümündən sonra buna bənzər bir əşyaya çevrilmək istədiyini bildirmişdi.
Bu məqsədlə Erin resomasiya texnologiyasından istifadə edib — bu proses zamanı toxumalar qələvi mühitdə hidrolizə məruz qalır, bərk qalıqlar isə xırda toz halına çevrilir. Onun sözlərinə görə, alınan maddə şəkər tozuna bənzəyir və gil kimi materiallarla qarışdırıla bilir.
Bu qarışıqdan rəssam Kelli Gillerran kiçik skelet fiquru hazırlayıb və onu mərhumun gözlərinin açıq mavi rənginə uyğun boyayıb.
“Elə hiss etdim ki, bacım artıq yanımda olmasa da, o an sanki yenidən mənimlə idi.”
Erin nəticənin ona dərin emosiyalar yaşatdığını və böyük minnətdarlıq hissi oyatdığını bildirib.

