Avropada aparılan araşdırma göstərib ki, şəhər mühitində yaşayan quşlar qadınlara kişilərdən daha tez reaksiya verir. Bu barədə Phys.org saytı məlumat yayıb.
Beynəlxalq ornitoloqlar qrupu Çexiya, Fransa, Almaniya, Polşa və İspaniyada tədqiqat aparıb. Eksperimentdə boyu və bədən quruluşu oxşar olan kişi və qadın iştirakçılar eyni geyimdə park yolları ilə hərəkət ediblər, alimlər isə quşların davranışını müşahidə ediblər.
Nəticədə məlum olub ki, kişilər quşlara təxminən bir metrə qədər yaxınlaşa bilir, qadınlar yaxınlaşdıqda isə quşlar daha tez uçub uzaqlaşır.
Araşdırmada siniçkalar, sərçələr, qarğalar və digər şəhər quşları daxil olmaqla 37 növ öyrənilib. Ən tez reaksiya verənlər sağsağanlar olub, qadınlara ən yaxın məsafəyə isə göyərçinlər dözüb.
Alimlər hesab edir ki, quşlar insanın cinsini ayırd edə bilir.
Lakin bu fərqin səbəbi hələ dəqiq məlum deyil. Tədqiqat müəllifləri bir neçə ehtimal irəli sürüblər.
– fərqli feromonların təsiri
– kişi və qadın bədən quruluşundakı fərqlər
– hərəkət və yeriş fərqləri
“Fenomeni aşkar etmişik, lakin səbəblərini hələ anlamırıq”, — deyə Turin Universitetinin professoru Federiko Morelli bildirib.

