100 yaşadək ömür sürən insanlardan buna necə nail olduqları soruşulanda, demək olar ki, hamısı eyni cavabı verir: uzunömürlülüyün xüsusi sirri yoxdur. Əsas məsələ düzgün qidalanmaq, hərəkətli həyat tərzi keçirmək və stressdən uzaq durmaqdır.
Stressi azaltmaq və idmanı gündəlik həyata daxil etmək çox vaxt çətin olur. Uzunömürlülük üzrə tədqiqatçı və kulinariya kitablarının müəllifi Den Byuttner hesab edir ki, xoşbəxt və sağlam qocalıq üçün artıq indidən edilə biləcək ən yaxşı addımlardan biri qidalanmanı yenidən nəzərdən keçirməkdir.
Uzunömürlü insanların rasionunda əsasən bitki mənşəli qidalar üstünlük təşkil edir. Zülal mənbəyi kimi isə dəniz məhsulları, qoz-fındıq və paxlalılar seçilir. Bununla belə, xırtıldayan qəlyanaltılar da onların həyatından tamamilə çıxmır.
Çips və suxarı əvəzinə
Den Byuttnerin sözlərinə görə, daha uzun yaşamaq istəyənlər üçün ən yaxşı xırtıldayan qəlyanaltı popkorndur.
Ekspert qeyd edib ki, popkornda çoxlu lif və mürəkkəb polifenollar var. Bu isə onun yeganə faydası deyil.
Byuttner bildirib:
Popkornda hətta bir çox tərəvəzdən daha çox polifenol var, amma bunu hamı bilmir.
Popkorn həm də ucuz olduğu üçün hər kəs üçün əlçatandır. Ekspert əlavə edib ki, bu qəlyanaltını hazırlamaq və saxlamaq da asandır.
Faydalı popkorn necə hazırlanmalıdır?

Den Byuttner popkornu yağ və digər piylər əlavə etmədən hazırlamağı məsləhət görür. Rahatlıq üçün qarğıdalı dənələrini kağız paketə qoymaq, paketi bağlamaq və bir neçə dəqiqə mikrodalğalı sobaya yerləşdirmək olar.
Duz və şəkərdən də həddindən artıq istifadə etmək məsləhət deyil. Byuttner onların əvəzinə qurudulmuş otlar, darçın və ya çili bibərindən istifadə etməyi tövsiyə edir.

