Yeni tədqiqatlara görə, internet üzərindən tanış olan cütlüklər real həyatda tanış olanlarla müqayisədə münasibətlərindən bir qədər daha az məmnun ola bilirlər. Araşdırmalarda bu fərqin böyük olmadığı, lakin məmnunluq, emosional yaxınlıq, ehtiras və bağlılıq kimi göstəricilərdə nəzərə çarpdığı bildirilir.
Mütəxəssislərin fikrincə, bunun səbəblərindən biri seçim bolluğudur. Tanışlıq tətbiqlərində insan qarşısında çox sayda namizəd olur və bu, ilk baxışda üstünlük kimi görünsə də, bəzən “daha yaxşısı ola bilər” düşüncəsini gücləndirir. Nəticədə insan mövcud münasibətə tam fokuslanmaqda çətinlik çəkə bilər.
Digər səbəb isə onlayn tanışlıqlarda ilk mərhələdə sosial kontekstin daha zəif olmasıdır. Real həyatda tanışlıq zamanı insanlar bir-birini dost çevrəsi, iş mühiti və gündəlik davranışlar içində daha təbii şəkildə müşahidə edə bilirlər. Onlayn tanışlıqda isə münasibət çox vaxt profil, şəkil və yazışma üzərindən başlayır. Bu da bəzən insanın qarşı tərəfi idealizə etməsinə və daha sonra məyusluq yaşamasına səbəb ola bilər.

Bununla belə, mütəxəssislər onlayn tanışlığın mütləq uğursuz münasibət demək olmadığını vurğulayırlar. Bəzi araşdırmalar göstərir ki, nəticə tanışlığın harada başlamasından çox, tərəflərin ünsiyyət keyfiyyəti, etimad qurmaq bacarığı və münasibətə nə qədər ciddi yanaşması ilə bağlıdır. 2024-cü ildə yayımlanan başqa bir araşdırmada isə tanışlıq tətbiqləri ilə real həyatda tanış olan cütlüklər arasında münasibət məmnunluğu baxımından ciddi fərq tapılmadığı qeyd olunub.
Yəni problem təkcə onlayn tanışlıqda deyil. Əsas məsələ münasibətin necə qurulmasıdır. Sonsuz seçim hissi, səthi ünsiyyət, tez qərar vermək və qarşı tərəfi real həyatda tanımadan ideallaşdırmaq münasibəti zəiflədə bilər. Amma açıq danışıq, real gözləntilər və zamanla formalaşan etimad onlayn başlayan münasibəti də sağlam edə bilər.

