2026–2027-ci tədris ili üzrə birinci sinfə qeydiyyatı üzrlü səbəbdən gecikən uşaqlar üçün boş qalan yerlərə məktəb və müəllim seçimi başlayacaq.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Denmedia.az-a verilən məlumata görə, proses 16 sentyabr saat 11:00-da başlayacaq və 30 sentyabr saat 15:00-dək davam edəcək.
Bu müddət ərzində valideynlər övladları üçün mektebeqebul.edu.az portalında boş qalan yerlər üzrə məktəb və müəllim seçimi edə biləcəklər.
Müəyyən olunmuş tarixədək portalda sorğu yerləşdirən valideynlər müvafiq sənədlərlə seçdikləri məktəbə yaxınlaşaraq övladlarının birinci sinfə qəbul prosesini yekunlaşdıra bilərlər.
Agentlik bildirib ki, elektron qəbul prosesi yalnız üzrlü səbəbdən birinci sinfə qeydiyyatı gecikən və müəyyən edilmiş müddətdə elektron sistemdə sorğu yerləşdirən uşaqları əhatə edir.
Qeyd edək ki, 2026–2027-ci tədris ili üzrə indiyədək 124 mindən çox uşaq birinci sinfə qəbul olunub.

