50 yaşdan sonra doğuş, hamiləlik zamanı aktiv həyat tərzi, doğuşda həyat yoldaşının iştirakı və soyuqda oturmağın sonsuzluğa təsiri ilə bağlı sualları KP.RU-ya müsahibəsində Rusiya Səhiyyə Nazirliyinin akademik V.İ.Kulakov adına Milli Tibbi Tədqiqat Mərkəzinin direktoru, Rusiya Elmlər Akademiyasının akademiki, tibb elmləri doktoru, professor Gennadi Suxix cavablandırıb.
Onun sözlərinə görə, tibbi baxımdan “gec doğuş” anlayışı şərti xarakter daşıyır. Əsas məsələ qadının yaşı deyil, reproduktiv və mamalıq risklərinin düzgün qiymətləndirilməsidir.
“Bəli, müasir tibb bir çox insana 40 yaşdan sonra da valideyn olmaq imkanı verir. Bununla belə, yaş əsas amillərdən biri olaraq qalır — həm hamiləliyin baş tutma ehtimalına, həm onun gedişinə, həm də doğuşa təsir edir”, — professor bildirib.
Suxix qeyd edib ki, EKO üçün konkret yaş məhdudiyyəti yoxdur, əsas şərt qadının sağlamlıq vəziyyətinin buna imkan verməsidir. O, mərkəzdə 62 yaşında EKO-dan sonra hamilə qalan qadının müşahidə edildiyini və prosesin uğurla başa çatdığını deyib.
Bununla belə, həkim vurğulayıb ki, yaş artdıqca ovarial rezerv azalır və bu, EKO prosesini çətinləşdirə bilər. Onun sözlərinə görə, reproduktiv hüceyrələrin dondurulması bəzi hallarda məqsədəuyğun ola bilər, lakin imkan varsa, hamiləliyi çox gec yaşlara saxlamaq düzgün seçim sayılmır.
Professor doğuş zamanı qadının sərbəst hərəkət etməsinin də əhəmiyyətli olduğunu bildirib. Onun sözlərinə görə, qadın doğuş zamanı yalnız yataqda uzanmaq məcburiyyətində qalmadıqda, hərəkət edə və özünə rahat mövqe seçə bildikdə, doğuş prosesi daha yumşaq keçir və ağrı daha az hiss oluna bilər.
Suxix doğuşda həyat yoldaşının iştirakına da toxunub. O bildirib ki, sevilən insanın qadının yanında olması onun narahatlığını azalda və doğuş prosesini yüngülləşdirə bilər. Lakin həkimin sözlərinə görə, tərəfdaş sadəcə “baxmaq” üçün deyil, qadına real dəstək vermək üçün hazır olmalıdır.
Həkim qeysəriyyə əməliyyatı ilə bağlı da xəbərdarlıq edib. O vurğulayıb ki, qeysəriyyə kəsiyi dəb və ya təbii doğuşa sadə alternativ deyil, ciddi cərrahi əməliyyatdır. Son qərar qadının istəyi ilə yanaşı, tibbi göstərişlər əsasında həkim tərəfindən verilməlidir.
Professor ev şəraitində doğuşa isə mənfi yanaşdığını bildirib. Onun sözlərinə görə, doğuş zamanı qəfil ağırlaşmalar yarana bilər və belə hallarda saniyələr həm ananın, həm də körpənin həyatı üçün həlledici ola bilər.

Suxix yayılmış miflərə də aydınlıq gətirib. Məsələn, soyuq yerdə oturmağın birbaşa sonsuzluq yaratması fikrinin şişirdildiyini deyib. Onun sözlərinə görə, uzunmüddətli və sistemli soyuqlama kiçik çanaq orqanlarında iltihaba səbəb ola bilər, bu isə bəzi hallarda sonsuzluq riskini artırır. Lakin qadının parkda bir neçə dəqiqə soyuq skamyada oturması əsas sonsuzluq səbəbi kimi təqdim edilməməlidir.
Həkim hamilə qadının qollarını yuxarı qaldırmasının körpənin göbək ciyəsinə dolanmasına səbəb olması fikrini də tamamilə əsassız adlandırıb. Onun sözlərinə görə, göbək ciyəsinin vəziyyəti ananın hərəkətlərindən deyil, onun uzunluğundan və körpənin aktivliyindən asılıdır.

Professor bildirib ki, hamilə qadınlar gündəlik fəaliyyətlərini davam etdirə bilərlər, lakin bunu ehtiyatla etməli və yıxılma riski olan hərəkətlərdən çəkinməlidirlər.

