ABŞ-da 11 sentyabr 2001-ci il hücumları ilə bağlı uzun illərdir davam edən hüquqi prosesdə məhkəmənin başlama tarixi müəyyənləşdirilib. Hücumların planlaşdırılmasında ittiham olunan Xalid Şeyx Məhəmməd və daha üç şəxsin hərbi məhkəməsi 5 iyun 2028-ci ildə başlayacaq.
ABŞ Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı Maykl Şrama bildirib ki, prokurorlar prosesin 2027-ci ildə başlamasını istəyiblər. Lakin bu tarix “çox erkən” hesab edilib.

Qərara əsasən, Xalid Şeyx Məhəmmədlə yanaşı Vəlid Məhəmməd Saleh Mübarək bin Attaş, Mustafa Əhməd Adəm əl-Həvsəvi və Əli Əbdüləziz Əli hərbi məhkəmə qarşısına çıxarılacaq.
Beləliklə, proses hücumlardan təxminən 27 il sonra başlayacaq.

2024-cü ilin iyulunda təqsirləndirilən şəxslərdən üçü hərbi prokurorlarla razılaşma əldə etmişdi. Razılaşmaya əsasən, onlar 2 976 nəfərin ölümü də daxil olmaqla irəli sürülən ittihamları qəbul edəcək, əvəzində ölüm cəzası tələbindən imtina olunacaqdı.
Lakin həmin dövrdə ABŞ müdafiə naziri olan Lloyd Ostin razılaşmanı ləğv edib. Müdafiə tərəfinin etirazından sonra məsələ federal məhkəməyə qədər gedib və apellyasiya instansiyası Ostinin qərar verərkən səlahiyyətləri çərçivəsində hərəkət etdiyini müəyyənləşdirib.

Xalid Şeyx Məhəmməd 11 sentyabr 2001-ci ildə qaçırılmış sərnişin təyyarələri ilə Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinə və Pentaqona həyata keçirilən hücumların planının təşkilində ittiham olunur.
Denmedia.az

