“Beautytime” gözəllik salonları şəbəkəsinin rəhbəri Könül Həmzəyeva daha bir cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Denmedia.az xəbər verir ki, bu barədə Unikal-a vəkil Əli Kərimli məlumat verib.
Onun sözlərinə görə, müvafiq qərar Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilib.
Könül Həmzəyeva Cinayət Məcəlləsinin 147.2-ci – ağır cinayət törətməkdə ittiham etməklə böhtan atma və 148-ci – təhqir maddələri ilə təqsirləndirilir.
Vəkilin sözlərinə görə, iş onun təmsil etdiyi Royal Masiyev barəsində mediada həqiqətə uyğun olmayan məlumatların yayılması ilə əlaqədardır.
Qeyd edək ki, təxminən bir ay əvvəl tanınmış bloqerlər Fidan Zeyn və Azərina da Könül Həmzəyeva ilə bağlı Xətai Rayon Polis İdarəsinə müraciət etmişdilər.
Həmin iş üzrə Həmzəyevanın Fidan Rzayevaya (Fidan Zeyn) məxsus 150 min manatı və Əfsanə Qasımovaya (Azərina) məxsus 300 min manatı mənimsəməkdə ittiham olunduğu bildirilir.
Araşdırma Xətai Rayon Polis İdarəsində davam etdirilir.

