Sumqayıt şəhərində təhsil işçilərinin sentyabr konfransı keçirilib. Tədbirdə Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, Sumqayıt şəhəri üzrə təhsil sektorunun müdiri İman Ağayev, məktəb direktorları, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, təhsil işçiləri və digər qonaqlar iştirak ediblər.
Konfransda çıxış edənlər yeni 2026–2027-ci tədris ilinin başlanması münasibətilə təhsil işçilərini təbrik edərək, onlara uğurlar arzulayıblar.
Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva çıxışında ötən tədris ilinin nəticələrinə toxunaraq, Sumqayıt şəhəri üzrə əldə olunan uğurları diqqətə çatdırıb. Qeyd olunub ki, həyata keçirilən sistemli tədbirlər nəticəsində təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə idarəetmənin təkmilləşdirilməsi və şagird nailiyyətlərinin artırılması istiqamətində mühüm irəliləyişlər əldə olunub. Şagirdlərin beynəlxalq və respublika səviyyəli müsabiqə və olimpiadalarda qazandıqları uğurlar, eləcə də akademik nəticələrdə müşahidə olunan müsbət dinamika bu istiqamətdə aparılan məqsədyönlü işin nəticəsi kimi qiymətləndirilib.
İlhamə Abdullayeva həmçinin vurğulayıb ki, müasir dövrdə təhsil sistemi dəyişən çağırışlara uyğun olaraq daim yenilənir və bu prosesdə müəllimlərin rolu xüsusi əhəmiyyət daşıyır. Müəllimlərin peşəkar inkişafı, innovativ təlim metodlarının tətbiqi və rəqəmsal imkanlardan səmərəli istifadə qarşıdakı dövr üçün əsas prioritetlərdən biri olacaq.
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov isə çıxışında təhsilin cəmiyyətin inkişafında mühüm rol oynadığını qeyd edib. O, dövlət tərəfindən təhsil sahəsinə göstərilən diqqət və qayğının bu sahənin inkişafına mühüm töhfə verdiyini vurğulayıb. Teymur Səmədov Sumqayıt şəhərində təhsil infrastrukturunun inkişafı, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi və şagirdlərin hərtərəfli inkişafı istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini qeyd edib, yeni tədris ilində təhsil işçilərinə uğurlar arzulayıb.
Konfransda həmçinin Sumqayıt şəhər üzrə təhsil sektorunun müdiri İman Ağayev çıxış edərək 2025–2026-cı tədris ili üzrə görülmüş işlərə dair geniş hesabat təqdim edib. O, ümumi təhsil müəssisələri üzrə əldə olunan nəticələri, həyata keçirilən keyfiyyət yönümlü tədbirləri və şagird nailiyyətlərində müşahidə olunan dinamikanı diqqətə çatdıraraq, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işləri təhlil edib və qarşıda duran əsas hədəfləri konfrans iştirakçılarının diqqətinə təqdim edib.
Konfransda ötən tədris ilinin yekunları geniş təhlil olunub, mövcud problemlər və inkişaf istiqamətləri müzakirə edilib. Təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə keyfiyyət təminatı sisteminin gücləndirilməsi, akademik nəticələrin yaxşılaşdırılması, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi və rəqəmsal təhsil mühitinin genişləndirilməsi əsas prioritet istiqamətlər kimi müəyyən edilib.
Bildirilib ki, növbəti tədris ilində məktəblərdə Məktəb İnkişaf Planlarının tətbiqi genişləndiriləcək, akademik nəticələrin məlumatlara əsaslanan təhlili gücləndiriləcək və risk qrupunda olan məktəblərə məqsədyönlü dəstək tədbirləri davam etdiriləcək.
Konfrans öz işini qarşılıqlı müzakirələr şəraitində davam etdirib.
Sonda vurğulanıb ki, təhsildə əldə olunan nəticələrin davamlılığı, keyfiyyətin yüksəldilməsi və gələcək hədəflərə nail olunması üçün bütün təhsil ictimaiyyətinin birgə fəaliyyəti mühüm əhəmiyyət kəsb edir.
































Nizami Rəsulov
Denmedia.az

