Balıqlar və insanlar yüz milyonlarla illik təkamül fərqinə baxmayaraq, beyində informasiyanın emalı üçün eyni qədim prinsipdən istifadə edir.
“Science” jurnalında dərc olunan araşdırmaya əsasən, beynəlxalq alimlər qrupu onurğalıların beyninin hiss orqanlarından gələn məlumatları necə emal etdiyini araşdırıb.
Tədqiqat zamanı gənc danio-rerio balıqları mikroskop altında müşahidə edilib. Onlara növbə ilə işıq şüaları və yüngül su titrəyişləri tətbiq olunub, eyni zamanda ön beynin fəaliyyəti qeydə alınıb.
Məlum olub ki, balıqlarda da insanlarda olduğu kimi, beyin əvvəlcə müxtəlif hiss orqanlarından gələn siqnalları ayrı-ayrılıqda emal edir, daha sonra isə onları ətraf aləmin vahid mənzərəsində birləşdirir.
Fərq yalnız bu funksiyanı yerinə yetirən beyin strukturlarındadır. Məməlilərdə əsas rolu talamus, balıqlarda isə preqlomerulyar kompleks oynayır. Anatomik fərqlərə baxmayaraq, hər iki struktur demək olar ki, eyni funksiyanı yerinə yetirir.
Alimlər yalnız iki siqnal eyni anda daxil olduqda aktivləşən xüsusi neyronlar da aşkar ediblər. Məsələn, bu hüceyrələr işıq və titrəyiş birlikdə hiss edildikdə aktivləşib, ayrı-ayrı stimullara isə demək olar ki, reaksiya verməyib.
Tədqiqatçıların fikrincə, bu neyronlar beynə müxtəlif hisslərin eyni hadisəyə aid olduğunu anlamağa kömək edir. Məsələn, ildırımın parıltısı ilə göy gurultusunu bir hadisə kimi əlaqələndirməyə imkan verir.
Araşdırmanın müəllifləri hesab edirlər ki, bu nəticələr onurğalıların beynində qədim təkamül prinsipinin qorunub saxlandığını göstərir: beyin əvvəlcə sensor məlumatları ayırır, sonra isə onları bütöv mənzərəyə çevirir.

