“Üçüncü göz” ifadəsi adətən yoqa, ezoterika və mənəvi praktikalarla əlaqələndirilir. Lakin alimlərin fikrincə, bu anlayışın insan orqanizmində bioloji qarşılığı ola bilər.
Lund Universitetinin məlumatına görə, “üçüncü göz” anlayışının bioloji qarşılığı insan beynindəki epifiz vəzi ilə əlaqələndirilir.
Söhbət beyində yerləşən epifiz vəzindən gedir. Yeni elmi yanaşmaya görə, bu kiçik struktur insanın uzaq təkamül keçmişindən qalan izlərdən biridir.
Araşdırmalara əsasən, onurğalıların qədim əcdadlarında başın yuxarı hissəsində işığı hiss edən tək mərkəzi gözə bənzər quruluş olub. Zaman keçdikcə bu sistem dəyişib, insan və digər onurğalılarda isə onun qalığı epifiz vəzi kimi qorunub.

Epifiz vəzi bu gün birbaşa görmə funksiyası daşımır. Lakin o, orqanizmin yuxu və oyanıqlıq ritminin tənzimlənməsində mühüm rol oynayan melatonin hormonunun ifrazı ilə bağlıdır.
Alimlər hesab edirlər ki, bu struktur insanın bədənində milyonlarla illik təkamül tarixinin səssiz izlərindən biridir. Başqa sözlə, “üçüncü göz” mistik mənada deyil, bioloji və təkamül baxımından insanın keçmişinə açılan maraqlı bir pəncərə kimi izah olunur.
Bu nəzəriyyə insan bədəninin sadəcə indiki halımızdan ibarət olmadığını, eyni zamanda qədim canlılardan miras qalan izləri daşıdığını göstərir.

