İlk uşağın dünyaya gətirilməsi üçün münasib dövrün 35 yaşadək olduğu bildirilib.
Bu barədə tibb elmləri doktoru, Rusiya Elmlər Akademiyasının professoru və Moskva Vilayət Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru Roman Şmakov danışıb.
Həkimin sözlərinə görə, əvvəllər ilk doğuş üçün optimal hədd 30 yaş hesab olunurdu. Lakin müasir insanların daha sağlam həyat tərzi keçirməsi, idmanla məşğul olması və zərərli vərdişlərdən uzaq durması nəzərə alınaraq, 35 yaşadək hamiləlik normal və rahat dövr sayıla bilər.

Bununla belə, 35 yaş sərt tibbi sərhəd deyil. Qadının hamilə qalmaq imkanları yaş artdıqca tədricən azalır, düşük və xromosom pozuntuları da daxil olmaqla bəzi risklər isə yüksəlir.
Mütəxəssis yaşdan asılı olmayaraq hamiləliyin əvvəlcədən planlaşdırılmasını və mayalanmadan öncə tibbi müayinədən keçilməsini tövsiyə edib. Hamiləlik öncəsi müayinə mövcud xəstəliklərin və dəyişdirilə bilən risk amillərinin vaxtında müəyyənləşdirilməsinə kömək edir.

