Uzun müddət oturaq işləmək dərin ven trombozu riskini artıra bilər. Damar cərrahı Alin Lamayta oturaq iş rejimində çalışanlara bu riskin azaldılmasına kömək edə biləcək sadə tövsiyə verib.
Terra nəşrinin məlumatına görə, mütəxəssis bildirib ki, gün ərzində uzun müddət hərəkətsiz qalmaq ayaqların dərin venalarında qan laxtasının yaranması ilə xarakterizə olunan tromboz riskini artıra bilər.
Lamaytanın sözlərinə görə, piylənmə, siqaret çəkmə, 40 yaşdan yuxarı olmaq, insulinə rezistentlik, irsi meyillilik, hormonal kontraseptivlərdən və hormon terapiyasından istifadə kimi əlavə risk faktorları olan insanlarda təhlükə daha yüksək ola bilər.

Mütəxəssis profilaktika üçün gün ərzində mütəmadi olaraq qısa fasilələr etməyi tövsiyə edib. İdeal halda 30–60 dəqiqədən çox fasiləsiz oturmamaq məsləhətdir.
Onun sözlərinə görə, hər yarım saatdan və ya bir saatdan bir ayağa qalxaraq 2–3 dəqiqə gəzmək və baldır əzələlərini bir neçə dəfə sıxıb-boşaltmaq venoz qan dövranının yaxşılaşmasına kömək edə bilər.

