Psixoloq Olqa Romaniv söhbətdən sonra yaranan günahkarlıq hissinin manipulyasiyanın gizli əlamətlərindən biri ola biləcəyini bildirib.
NEWS.ru-ya danışan mütəxəssisin sözlərinə görə, manipulyasiya çox vaxt açıq təzyiq formasında özünü göstərmir. Əksinə, qayğı, dostluq, diqqət və ya adi söhbət görüntüsü altında gizlənə bilər. Buna görə də onu müəyyən etmək bəzən çətin olur.
Romaniv manipulyasiyanı göstərə biləcək beş əsas əlaməti sadalayıb. Birinci əlamət söhbətdən sonra səbəbsiz günahkarlıq hissinin yaranmasıdır. Qarşı tərəf birbaşa heç nə istəməsə belə, insan söhbətin sonunda sanki kiməsə borclu olduğu hissi ilə qala bilər.
İkinci əlamət insanın öz yaddaşına və hadisələri necə xatırladığına şübhə etməyə başlamasıdır. Psixoloqun sözlərinə görə, qazlaytinq insanın öz qavrayışına inamını sistemli şəkildə sarsıtmaq üzərində qurula bilər.

Üçüncü siqnal qarşı tərəfin münasibətinin heç bir aydın səbəb olmadan isti və soyuq arasında dəyişməsidir. Romaniv qeyd edib ki, belə qeyri-müəyyən davranış insanın yenidən əvvəlki diqqət və razılığı qazanmaq üçün daha çox səy göstərməsinə səbəb ola bilər.
Dördüncü əlamət yaxın insanların fikirlərinin tədricən əhəmiyyətsiz göstərilməsidir. Dostların “səni anlamadığı”, ailənin “sənə qarşı olduğu”, digər insanların isə “etibarsız olduğu” fikri yaradılaraq insanın alternativ və müstəqil fikirlər eşitdiyi çevrə daraldıla bilər.
Beşinci əlamət isə adi bir köməyin sonradan qarşılıq gözlənilən “borca” çevrilməsidir. Yəni göstərilən yardım təmənnasız jest kimi deyil, gələcəkdə əvəzinin qaytarılması gözlənilən bir xidmət kimi təqdim olunur.

