Qazaxıstanın qərbində yerləşən Manqışlaq yarımadasında aparılan arxeoloji qazıntılar zamanı təxminən 1500 il əvvələ aid maraqlı tapıntı aşkar edilib.
Aktau şəhəri yaxınlığındakı Karakabak qəbiristanlığında yüksək sosial təbəqəyə mənsub olduğu ehtimal edilən gənc qadının məzarından qızıl örtüklü ayaqqabılar tapılıb.
Tədqiqatçılar ayaqqabıların gündəlik istifadə üçün deyil, qadının ölümündən sonra keçirilən dəfn mərasimi üçün xüsusi hazırlandığını ehtimal edirlər.
Məzarda aşkar edilən ayaqqabıların əvvəlcə tamamilə qızıldan hazırlandığı düşünülsə də, araşdırmalar zamanı onların xarici səthinin nazik qızıl lövhələrlə örtüldüyü müəyyən edilib.
Alimlər ayaqqabılarda və kəmərin bəzi toqqalarında gündəlik istifadə üçün zəruri olan birləşdirici hissələrin olmadığını aşkar ediblər. Bu isə həmin əşyaların yalnız dəfn mərasimi üçün hazırlandığı ehtimalını gücləndirib.
Məzarın eramızın V əsrinin ikinci yarısı ilə VI əsrinin birinci yarısına aid olduğu müəyyənləşdirilib.

Gənc qadının məzarında ayaqqabılarla yanaşı, qızıl bəzəkli digər əşyalar da tapılıb. Onun baş geyimində dairəvi qızıl lövhələr, qırmızı parçadan hazırlanmış tac və maskanı xatırladan bəzəklər aşkar edilib.
Alın nahiyəsindəki bəzəyin ellinizm dövründə istifadə olunan Qorqoneion təsvirindən ilhamlanaraq hazırlandığı müəyyən olunub. Kəmər toqqalarında isə qanadlarını açmış yırtıcı quşları xatırladan naxışlar diqqət çəkib.
Tapıntılar gənc qadının ölümündən sonra dəbdəbəli mərasim geyimində dəfn edildiyini göstərir.
Tədqiqatçılar Andrey Astafyev və Yevgeni Boqdanov məzardakı qızıl bəzəklərin uzaq bölgələrdən gətirilmədiyini, Karakabakdakı yerli emalatxanalarda hazırlandığını ehtimal edirlər.
Bölgədə daha əvvəl aparılan qazıntılar zamanı metal emalı, zərgərlik, şüşə istehsalı və dulusçuluqla bağlı izlərin aşkarlanması da bu ehtimalı gücləndirir.

Karakabakda aparılan qazıntılar zamanı 150-dən çox qədim sikkə də üzə çıxarılıb. Parfiya, Xarəzm, Soqd, Sasani, Bizans və Çin kimi müxtəlif bölgələrlə əlaqəli sikkələr yaşayış məntəqəsinin təxminən 1500 il əvvəl geniş ticarət şəbəkəsinin bir hissəsi olduğunu göstərir.
Tədqiqatçıların fikrincə, Karakabak Orta Asiyanı Şimali Qafqaz, Volqaboyu və Cənubi Uralla birləşdirən qədim Azov–Xəzər ticarət dəhlizi ilə əlaqəli ola bilər.

Gənc qadının məzarından tapılan qızıl örtüklü ayaqqabılar həmin dövrün dəfn ənənələri, yerli sənətkarlıq və cəmiyyətdə sosial təbəqələr arasındakı fərqlər haqqında mühüm məlumatlar verir.

