Türkiyənin tanınmış tarixçilərindən İlber Ortaylı uzun müddətdir davam edən sağlamlıq problemləri səbəbindən vəfat edib.
Ailəsi daha əvvəl açıqlamışdı ki, məşhur tarixçi beş gündür reanimasiya şöbəsində müalicə alır və vəziyyəti həkimlərin nəzarətindədir. Ailə həmin açıqlamada onun vəziyyətinin stabil olduğunu və peşəkar tibbi heyət tərəfindən diqqətlə izlənildiyini bildirmişdi.
Lakin sonradan nəfəs çatışmazlığı səbəbindən İlber Ortaylı entübasiya olunmuşdu. Səhhətinin daha da ağırlaşması nəticəsində 78 yaşlı alim bu gün həyatını itirib.
Ailəsi sosial şəbəkədə yaydığı açıqlamada belə bildirib:
“Ailəmizin böyüyü İlber Ortaylını 13 mart 2026-cı ildə itirdik. Uzun sürən və getdikcə mürəkkəbləşən sağlamlıq problemlərinə baxmayaraq, həyata olan marağı və insanlarla bir arada olmaq arzusu heç azalmadı. Gücü çatdığı qədər bildiyi kimi yaşadı. Oxucuları, tələbələri və onu sevən insanlar tərəfindən böyük sevgi və hörmətlə əhatə olunmuşdu”.
Tarixçinin dəfn mərasimi ilə bağlı proqram da açıqlanıb. Bildirilib ki, 16 mart 2026-cı il, bazar ertəsi saat 11:00-da Galatasaray Universitetində anım mərasimi keçiriləcək. Daha sonra Fatih məscidində ikindi namazından sonra qılınacaq cənazə namazının ardınca Fatih məscidinin həyətində torpağa tapşırılacaq.
Tarixçinin bacısı Nuriye Ortaylı bildirib ki, o, müxtəlif sağlamlıq problemləri ilə mübarizə aparırdı, lakin buna baxmayaraq aktiv həyat tərzini qorumağa çalışırdı.
Qızı Tuna Ortaylı isə atasının həyatını böyük sevgi və enerji ilə yaşadığını deyib və onun həyatının bir çox insanın həyatına toxunduğuna ümid etdiyini bildirib.

İlber Ortaylının ölümündən sonra onun son fotosu və əvvəl dediyi sözlər də yenidən gündəmə gəlib. Tarixçi bir televiziya proqramında məzarı ilə bağlı suala cavab verərkən belə demişdi:

“Məzarım yəqin ki, Geliboluda olar. Burada istəmirəm, , izdihamı sevmirəm”.
İlber Ortaylı kimdir
İlber Ortaylı 1947-ci ildə Avstriyanın Bregenz şəhərində anadan olub. Orta təhsilini İstanbul və Ankarada alıb və 1965-ci ildə Ankara Atatürk Liseyini bitirib.
1968-ci ildə Ankara Universitetinin Siyasal Bilgiler Fakültəsi və Dil və Tarix-Coğrafiya Fakültəsinin tarix bölməsini tamamlayıb. Daha sonra Vyana Universitetində slavyanşünaslıq və şərqşünaslıq üzrə təhsil alıb.
Magistr təhsilini Chicago Universitetində professor Halil İnalcık ilə birlikdə aparıb. 1978-ci ildə “Tanzimat Sonrası Mahalli İdareler” mövzusunda dissertasiya ilə doktorluq dərəcəsi alıb.
1979-cu ildə “Osmanlı İmparatorluğu'nda Alman Nüfuzu” adlı işi ilə dosent, 1989-cu ildə isə professor olub.
O, Vyana, Berlin, Paris, Princeton, Moskva, Roma, Münhen, Strasburq, Sofiya, Cambridge və Oxford kimi bir çox universitetdə qonaq professor kimi dərs deyib və konfranslar keçirib.
1989–2002-ci illərdə Ankara Universitetində İdarə Tarixi kafedrasına rəhbərlik edib, daha sonra Galatasaray Universitetində və Bilkent Universitetində fəaliyyət göstərib.
2005-ci ildə Topkapı Sarayı Muzeyinin direktoru vəzifəsinə təyin olunub.
İlber Ortaylı çoxsaylı dilləri bilirdi: türk dili, osmanlı türkcəsi, krım tatar dili, ərəb, fars, alman, fransız, italyan, latın, yunan, rus, slovak, rumın, serb, xorvat və bosniya dilləri.

