Nijni Novqorodda Rusiyanın və Azərbaycanın xalq artisti Tofiq Axundov haqqında "Ata Begemot: Təlim və Həyat Hekayəsi" kitabının təqdimatı keçirilib.
Tofiq Axundov dünyada 30 ildən çox müddətdə begemotlarla işləyən yeganə məşqçidir. O, bu mürəkkəb və proqnozlaşdırılması çətin heyvanlarla qrup halında çıxışlar hazırlayan ilk şəxs kimi tanınır. 60 ildən artıqdır səhnəyə çıxan sənətkar 84 yaşında da fəaliyyətini davam etdirir və Gia Eradzenin sirkində aparıcı artistdir.

“Kral sirkı Gia Eradze” prodüser mərkəzinin direktoru Elina Aydunova bildirib ki, kitabın ideyası Simferopolda keçirilən qastrol zamanı yaranıb. Axşamlar həmkarlarına maraqlı xatirələr danışan Axundovun hekayələri komandanı o qədər təsirləndirib ki, onları kitab halına salmaq qərarı verilib. Təqdimat Beynəlxalq Sirk Gününə təsadüf etdirilib.

Tofiq Axundov begemotlarla qrup halında işləyən ilk insan olub. Ondan əvvəl bu heyvanlarla ən çoxu bir-iki fərd səviyyəsində çıxış edilirdi, lakin onların birlikdə hərəkəti və mürəkkəb nömrələri mövcud deyildi.
O, nömrələri heyvanların anatomiyasına uyğun şəkildə qurduğunu bildirib:
“Onların böyük başı, qısa ayaqları var. İmkanları məhduddur. Amma harada görmüsünüz ki, begemot ayağı ilə top oynasın? Heç yerdə yox idi.”
Axundov karyerasında daha bir ilkə imza ataraq begemotu 250 illik tarixə malik ABŞ sirk arenasına çıxarıb. Həmçinin begemot ilk dəfə televiziya proqramlarına onun sayəsində gətirilib. Onun yetişdirdiyi Zlat adlı begemot “Gözəl” filmində də rol alıb.

Sənətkar begemotların xarakterindən danışarkən onların çox ağıllı, qısqanc və insanla emosional bağ qura bildiyini vurğulayıb. Onun sözlərinə görə, bu heyvanlarla işləməkdə əsas amil intizam və sevgidir.
Qeyd edək ki, Tofiq Axundov Bakıda anadan olub və Moskvada Sirk və Estrada Sənəti Məktəbini bitirib.

