Qarabağ Universitetinin İncəsənət fakültəsinin müəllimi, Azərbaycan Rəssamlar İttifaqının üzvü, bədii şüşə ustası Mager Məhərrəmovun elmi məqaləsi və üç əsəri Çanaqqalada keçirilən I Beynəlxalq Keramika Simpoziumunun proqramına daxil edilib.
DenMedia.az azərtac-a istinadən xəbər verir ki, impozium Türkiyədə keçirilir və 11 avqusta qədər davam edəcək.
Tədbir Çanaqqala Onsekiz Mart Universiteti, Çanaqqala Keramika Araşdırma, İnkişaf və Tətbiq Mərkəzi (ÇASEM), Çanaqqala Bələdiyyəsi və Kaleseramik şirkətinin təşkilatçılığı ilə keçirilir.
Simpozium müxtəlif ölkələrdən olan alimləri, rəssamları və tədqiqatçıları bir araya gətirir. Tədbir keramika və dekorativ sənət sahəsində həm nəzəri, həm də praktiki istiqamətləri əhatə edir.

Mager Məhərrəmovun “Azərbaycan xalça sənətinin müasir bədii şüşə yaradıcılığında sintezi” adlı məqaləsi simpoziumun elmi proqramına daxil edilib.
Məqalədə Azərbaycan xalçaçılıq ənənələrinin müasir bədii şüşə sənətində şərhi, milli ornament irsinin yeni materiallar və ifadə vasitələri ilə təqdim olunması, eləcə də bu istiqamətin dekorativ-tətbiqi sənətdə inkişaf perspektivləri araşdırılır.

Bundan başqa, simpozium çərçivəsində təşkil olunan beynəlxalq sərgidə Məhərrəmovun bədii şüşədən hazırladığı “Karvan”, “Dərviş” və “Primavera” əsərləri nümayiş etdirilir.
Əsərlər Azərbaycanın milli-mədəni irsinin müasir şüşə sənəti vasitəsilə müəllif yanaşmasını əks etdirir.

