Bu gün Azərbaycanda Milli Kino Günü qeyd olunur. Bu tarix təsadüfi seçilməyib. 1898-ci il avqustun 2-də Bakıda fotoqraf və naşir Aleksandr Mişon tərəfindən çəkilmiş ilk qısametrajlı sənədli və bədii süjetlər nümayiş etdirilib. Məhz bu hadisə Azərbaycan milli kinosunun başlanğıcı hesab olunur.
2000-ci il 18 dekabr tarixində Ümummilli Lider Heydər Əliyevin imzaladığı sərəncama əsasən 2 avqust "Azərbaycan Kinosu Günü" kimi təsis edilib və hər il kino xadimlərinin peşə bayramı kimi qeyd olunur.
127 illik tarixə malik Azərbaycan kinosu bu müddət ərzində ölkənin mədəni irsinin ayrılmaz hissəsinə çevrilib. Milli kino sənətimiz təkcə ekran əsərləri ilə deyil, həm də xalqın tarixini, milli-mənəvi dəyərlərini, qəhrəmanlarını və həyat tərzini gələcək nəsillərə çatdırmaq missiyası ilə seçilib.
Azərbaycan kinosu dünyaya "Arşın mal alan", "Nəsimi", "Babək", "Dədə Qorqud", "İstintaq", "Bir cənub şəhərində", "Ölsəm... bağışla" kimi yaddaqalan ekran əsərləri bəxş edib. Bu filmlər təkcə ölkədə deyil, beynəlxalq festivallarda da yüksək qiymətləndirilib.
2 avqust – Azərbaycan Kinosu Günü münasibətilə ölkənin bütün kino xadimlərini, rejissorları, ssenaristləri, aktyorları, operatorları və bu sənətin inkişafına töhfə verən hər kəsi təbrik edirik. Azərbaycan kinosunun yeni uğurlara imza atmasını arzulayırıq.

