“Barbie” filminin ikinci hissəsinin çəkilişləri Marqo Robbi, Rayan Qoslinq və rejissor Qreta Qerviqin maliyyə tələbləri səbəbindən təxirə salınıb.
The New York Times qəzetinin məlumatına görə, “Warner Bros.” studiyası böyük uğur qazanan komediyanın davam filminin hazırlanması zamanı ciddi çətinliklərlə üzləşib.
Marqo Robbi və Rayan Qoslinqlə, eləcə də rejissor Qreta Qerviq ilə müqavilə danışıqları qonorarların artırılması və kassa gəlirlərindən faiz tələbi səbəbindən dalana dirənib.
Bildirilir ki, Rayan Qoslinq Ken obrazına qayıtmaq üçün 20 milyon dollar qonorar istəyir. Danışıqları çətinləşdirən əsas məqamlardan biri də aktyorlarla əvvəlcədən davam filmlərində iştirak barədə müqavilələrin bağlanmamasıdır.
Nəşrin yazdığına görə, “Warner Bros.”un rəhbəri Devid Zaslav ulduzların agentlərinin irəli sürdüyü şərtləri “həddindən artıq səxavətli” adlandırıb.
Layihə üçün vaxt məhdudiyyəti də var. Studiyanın 2026-cı ilin dekabrına qədər filmi rəsmi şəkildə istehsal mərhələsinə keçirməli olduğu, əks halda ekranlaşdırma hüquqlarının yenidən “Mattel” şirkətinə qayıdacağı bildirilir.
Qreta Qerviq və ssenarist Noa Baumbaxın artıq süjet konsepsiyasını hazırladıqları, lakin müqavilələr imzalanmadan ssenarini yazmaqdan imtina etdikləri qeyd olunur.
Bu arada “Marvel Studios” San-Dieqoda keçirilən “Comic-Con” tədbirində yeni “Ghost Rider” filmini elan edib. Filmdə Conni Bleyz obrazını Rayan Qoslinq canlandıracaq.
Ekran işinin rejissoru “Deadpool & Wolverine”, “Free Guy”, “Night at the Museum” və “Real Steel” filmləri ilə tanınan Şon Levi olacaq. Premyeranın 2028-ci ildə keçirilməsi planlaşdırılır.

