Elektrik enerjisi ilə əlaqədar sabit aylıq tarif tətbiq ediləcək.
Den.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Elektroenergetika haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, sabit tarif elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementidir.
Qeyd edilib ki, qanun layihəsi elektroenergetika sektorunda tarif tənzimləmələri istiqamətində sabit tarifin tətbiqi məqsədilə hazırlanıb. Beynəlxalq təcrübədə elektrik enerjisinin tarif və qiymətlərinin tənzimlənməsi zamanı sabit tarifin tətbiqi halları mövcuddur. Sabit tarifin əsas mahiyyəti şəbəkəyə qoşulan istehlakçıların sabit xərc şəklində aylıq müəyyən vəsait ödəməsindən ibarətdir. Sabit tarif istehlak miqdarı ilə bağlı deyil, istehlakçı kateqoriyasından asılı olmayaraq tətbiq edilir və paylayıcı sistem operatorunun müəyyən xərclərinin qarşılanması üçün istifadə olunur.
Qanun layihəsi sabit tarifi elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementi kimi təsbit edir.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Həmçinin Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Qaz təchizatı haqqında” yeni qanun layihəsi də birinci oxunuşda qəbul edilib.
Layihəyə əsasən, qaz təchizatı sektorunda tənzimlənən qiymətlər (tariflər) 2028-ci il iyulun 1-dən tənzimləyici tərəfindən müəyyən ediləcək və onun rəsmi internet saytında dərc olunacaq.
Qaz təchizatı sektorunda tənzimlənən qiymətlər (tariflər) aşağıdakılardır:
– qazın topdansatış tarifləri;
– qazın nəqli tarifləri;
– qazın saxlanması xidmətlərinin tarifləri;
– qazın paylanması tarifləri;
– istehlakçılara qazın pərakəndə satış tarifləri;
– qazın nəqli şəbəkəsinə qoşulma xidmətlərinin qiymətləri;
– qazpaylayıcı şəbəkəyə qoşulma xidmətlərinin qiymətləri;
– sabit tarif.
Sabit tarif qazın istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif element olacaq.
Qaz təchizatı sektorunda qiymətlərin (tariflərin) müəyyən olunması zamanı nəzərə alınmalı olan itkilər sistem operatorlarının qaz itkilərinin hesabat dövrü üçün normativ göstəricilərinin müəyyənləşdirilməsi qaydalarına uyğun olaraq hesablanacaq. Qaz təchizatı subyektləri və onlarla istehlakçılar arasında qarşılıqlı hesablaşmaların aparılması məqsədilə qazın ölçülməsi ilə bağlı məsələlər kommersiya uçotu qaydaları ilə tənzimlənəcək.
Keçid maddələrinə əsasən, qazın topdansatış, nəqli, saxlanması xidmətləri, istehlakçılara pərakəndə satış, qazın nəqli şəbəkəsinə qoşulma xidmətləri, və qazpaylayıcı şəbəkəyə qoşulma xidmətlərinin qiymətləri, o cümlədən sabit tarif bu qanunun qüvvəyə mindiyi gündən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tənzimlənəcək. Qazın paylanması tarifləri isə 2027-ci il yanvarın 1-dən 2028-ci il iyulun 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tənzimlənəcək. Qeyd edilənlər nəzərə alınmaqla, tənzimləyicinin səlahiyyətləri 2028-ci il iyulun 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək.
Bununla bərabər, qaz nəqli sistem operatoru, qazpaylayıcı sistem operatoru və qazın saxlanması sistem operatoru, habelə topdan və pərakəndə qaz satıcıları tərəfindən tənzimləyiciyə tənzimləmə haqqı ödəniləcək. Tənzimləmə haqqının məbləği və ödənilmə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək və həmin məbləğ 2028-ci il iyulun 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürüləcək.