Azərbaycanda elektron siqaretlərlə bağlı sərt məhdudiyyətlər tətbiq oluna bilər.
DenMedia.az oxu.az-a istinadən xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, elektron siqaretlərin istehlakı, idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı, eləcə də satış məqsədilə saxlanması cərimələnəcək.
Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirəyə çıxarılıb. Qadağan olunmuş yerlərdə elektron siqaret çəkən şəxslər üçün 30 manat məbləğində cərimə nəzərdə tutulur.
Elektron siqaretlərin və onların komponentlərinin dövriyyəsinə görə isə daha yüksək sanksiyalar təklif edilir. Fiziki şəxslər 350–500 manat, vəzifəli şəxslər 1 650–2 200 manat, hüquqi şəxslər isə 4 000–5 000 manat məbləğində cərimə oluna bilər.
Qanun qəbul edilərsə, dəyişikliklər 1 aprel 2026-cı ildən qüvvəyə minəcək.

