Den.az xəbər verir ki, Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev dövlət başçısına kompleksdə görülmüş işlər barədə məlumat verib.
Qeyd edək ki, təbiətin maraqlı hadisəsi olan palçıq vulkanları dünyanın bir çox ölkəsində mövcuddur. Azərbaycan palçıq vulkanlarının nadir və klassik inkişaf regionu kimi tanınır. Yer kürəsində məlum olan 2 mindən artıq palçıq vulkanının 350-dən çoxu Azərbaycanın şərqində və Xəzər akvatoriyasında yerləşir. Palçıq vulkanları əsasən Abşeron yarımadası, Bakı ətrafındakı adalar qrupu, Şamaxı, Qobustan və cənub-şərqi Şirvanda yayılıb. Palçıq Vulkanları Turizm Kompleksində “Qılınc” palçıq vulkanını yaxından izləmək mümkündür. Bu vulkanlar bir sırada düzülmüş 8 sopkadan (təpə) ibarətdir. Sopka brekçiyası (iri qrunt süxurları) böyük bir sahəni əhatə edərək şimal-şərqə qədər uzanan iki zolaq əmələ gətirib. İyirmi hektar sahəyə yayılan brekçiyanın uzunluğu 300-500 metrdir. Bu zolaqların eni isə bəzi yerlərdə 50 metrə çatır. Ümumilikdə ölkəmizdəki vulkanların 60 faizi aktiv sayılsa da, elmi mənbələrdə “Qılınc” vulkanının güclü püskürmələri barədə məlumata rast gəlinmir.
Prezident İlham Əliyevə məlumat verilib ki, Palçıq Vulkanları Turizm Kompleksi 12 hektar ərazidə tikilib. Burada inzibati bina inşa olunub. Yaradılan yeni turizm infrastrukturu yerli əhali, xüsusilə ətraf ərazilərdə məskunlaşmış insanlar üçün 60-dan çox yeni iş yerinin açılmasına imkan verib.
Kompleksin Təbiət tarixi sərgi zalı eksponatların zənginliyi ilə böyük maraq doğurur. Sərginin “Böyük pişiklər”, “Qobustan faunası”, “Azərbaycanın vəhşi heyvanlarının ayaq izləri”, “Azərbaycanın həşərat dünyası”, “Kiçik ölçülü heyvan skeletləri” guşələrində Azərbaycan və dünya faunasına aid vəhşi və ev heyvanlarının skeletləri, Azərbaycan təbiətinə aid olan həşəratlar, suda-quruda yaşayanlar və sürünənlər sərgilənir. Sərgidə nümayiş etdirilən bütün heyvan skeletləri və canlılar orijinal eksponatlardır. Bu eksponatlar bioetika normalarına uyğun olaraq hazırlanıb və bioloji ölümdən sonra Azərbaycan mütəxəssisləri tərəfindən onilliklər ərzində müxtəlif yerlərdən toplanmış heyvan skeletlərindən ibarətdir. Təbiət tarixi sərgisi Azərbaycanın faunasının zənginliyini, biomüxtəlifliyini nümayiş etdirir. Sərgidə Azərbaycan və dünya faunasına aid 98 heyvan skeleti, 870 müxtəlif növ qurudulmuş həşərat, xüsusi məhlulda nümayiş etdirilən 57 canlı, bir sıra sürünən və suda-quruda yaşayan heyvanlar, həmçinin paleontoloji eksponatlar nümayiş etdirilir. Uşaqların və məktəblilərin ətraf aləm haqqında maraqlarını artırmaq və onlarda heyvan skeletləri barədə təəssürat yaratmaq məqsədilə divarlarda müxtəlif heyvanların şəkilləri və illüstrasiyaları sərgilənir. Burada, həmçinin milli parklarımızda dövlət mühafizəsinə götürülmüş bir sıra heyvanların, o cümlədən bəbir, bezoar keçisi, ceyran, Xəzər suitisinin arealları haqqında məlumat verilir.
Kompleksdə yaradılmış Minerallar sərgisində isə Azərbaycan ərazisindən tapılan 80-ə yaxın fərqli növ mineral nümayiş etdirilir. Ziyarətçilər burada ölkəmizin hər yerindən - Qobustandan tutmuş Naxçıvana qədər əksər bölgələrdən gətirilmiş gözəl və nadir qiymətli daşlar, kristallar və geoloji nümunələri görə bilərlər. İki hissədən ibarət sərginin birinci bölməsində palçıq vulkanlarının püskürdüyü qaya brekçiyasının nümunələri, digər bölmədə isə ölkəmizdəki müxtəlif faydalı qazıntı yataqlarında tapılan minerallar nümayiş etdirilir. Burada ziyarətçilərə Yerin təki, geoloji proseslər, süxurların və mineralların əmələ gəlməsi haqqında da məlumatlar təqdim olunur. Palçıq vulkanlarının ətrafında müasir turizm infrastrukturunun yaradılması bu ərazilərdə yerləşən vulkanlar haqqında ictimai maarifləndirmənin artmasına və onların təbiət irsi kimi təbliğinə şərait yaradacaq.
Qeyd edək ki, ərazidə 110 nəfərlik restoran da tikilib, turistlərin vulkanları izləməsi üçün piyada yolu çəkilib. Burada panoramlı müşahidə nöqtəsi və meydança da salınıb. Bu meydançaya qalxmaqla hündürlükdən ətrafdakı palçıq vulkanlarını seyr etmək, maraqlı vaxt keçirmək mümkündür.
Prezident açılışda iştirak etdi - FOTO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.