Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Ceyhun Bayramov və Hakan Fidan İstanbulda iki ölkə arasında strateji müttəfiqliyin inkişafını müzakirə ediblər. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlığın geniş spektrini nəzərdən keçiriblər. Müzakirələrdə siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, nəqliyyat təşəbbüsləri, müdafiə sahəsi, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı koordinasiya məsələləri yer alıb.
Regional və beynəlxalq gündəliyə dair fikir mübadiləsinə də xüsusi diqqət ayrılıb. Xüsusilə Cənubi Qafqazda davamlı sülhün təmin olunması, regional təşəbbüslər və Orta Dəhlizin artan strateji əhəmiyyəti müzakirə edilib.
Qeyd edək ki, daha əvvəl Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda keçirilən 10-cu üçtərəfli görüşün yekunlarına əsasən İstanbul bəyannaməsini imzalayıblar.

