Gizli cəmiyyətlər təkcə konspirologiya məhsulu deyil, real strukturlardır və ABŞ tərəfindən informasiya məkanında populyar olmayan ideyaların təbliği və ictimaiyyətin real problemlərdən yayındırılması üçün istifadə olunur.
Bunu NEWS.ru-ya Avrasiyaçılığın Tədqiqi və İnkişafı Mərkəzinin kollegiya sədri, İzborsk klubunun eksperti Yuri Samonkin bildirib.
Onun sözlərinə görə, bu cür təşkilatlara nümunə kimi ABŞ-dakı İsrail yönümlü lobbi və milyarderlərin daxil olduğu intellektual klublar göstərilə bilər. Samonkin iddia edib ki, belə dairələr ayrı-ayrı ölkələrin siyasətinə və geosiyasi proseslərə təsir göstərə bilir.
Ekspertin fikrincə, gizli cəmiyyətlər mövzusu ABŞ-da həm də informasiya xarakterli piar gedişi kimi istifadə olunur. O bildirib ki, bu yanaşma ictimai diqqəti Cefri Epşteyn işi, Ukrayna və İsrailə hərbi dəstək kimi mövzulardan yayındırmaq məqsədi daşıya bilər.
Samonkinin sözlərinə görə, bu strukturlar müəyyən ideoloji doktrina ətrafında birləşir və qlobal qərarlara təsir etməyə çalışır. O, “qızıl milyard” anlayışını belə doktrinalardan biri kimi göstərib.
Ekspert həmçinin bildirib ki, Epşteyn işi qlobal elitanın mahiyyəti barədə müzakirələri yenidən gündəmə gətirib. Onun iddiasına görə, belə dairələr insan hüquqları və ənənəvi dəyərlər məsələsinə laqeyd yanaşır, qlobal proseslərə isə öz maraqları çərçivəsində təsir etməyə çalışır.

