Azərbaycan və Böyük Britaniya müdafiə, təhlükəsizlik, iqtisadiyyat, energetika, təhsil və yüksək texnologiyalar sahələrində strateji tərəfdaşlığın gücləndirilməsi barədə razılığa gəliblər.
İki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməyə əsasən, Bakı və London müdafiə sahəsində əməkdaşlığı genişləndirməyi, birgə təşəbbüsləri inkişaf etdirməyi, hərbi hazırlıq və təlim imkanlarını artırmağı, eləcə də ortaq təhlükələrə qarşı mübarizədə koordinasiyanı gücləndirməyi planlaşdırırlar.
Müdafiə sənayesi sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları da nəzərdən keçiriləcək.
İqtisadi sahədə tərəflər qarşılıqlı investisiyaları artırmaq, ticarət əlaqələrini genişləndirmək, nəqliyyat infrastrukturunu və Orta Dəhlizi inkişaf etdirmək niyyətindədirlər.
Əməkdaşlıq çərçivəsində bərpaolunan enerji, yaşıl texnologiyalar, maliyyə bazarları və biznesin dəstəklənməsinə xüsusi diqqət yetiriləcək.
Bununla yanaşı, Azərbaycan və Böyük Britaniya təhsil, elm, süni intellekt və rəqəmsallaşma sahələrində əməkdaşlığı genişləndirəcəklər. Birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, mütəxəssislərin hazırlanması, təcrübə mübadiləsi və universitetlər arasında əlaqələrin gücləndirilməsi nəzərdə tutulur.
Tərəflər həmçinin hüquq-mühafizə orqanları arasında əməkdaşlığı inkişaf etdirmək, sərhəd təhlükəsizliyini gücləndirmək, mədəni və peşəkar mübadilə imkanlarını genişləndirmək barədə razılığa gəliblər.

