Dünyaca məşhur musiqiçi Sami Yusufun gələn həftə İstanbul və Ankarada keçirilməsi planlaşdırılan konsertləri təxirə salınıb.
Sənətçinin və “Anadolu PSM”in sosial şəbəkə hesablarında yayılan birgə açıqlamada konsertlərin yeni tarixlərinin sentyabr ayına keçirildiyi bildirilib.
Açıqlamada “Live in Türkiye” konsert seriyasının gözlənilməz və aradan qaldırılması mümkün olmayan logistika çətinlikləri səbəbindən yenidən planlaşdırıldığı qeyd olunub.
Sami Yusuf Türkiyədəki və dünyanın müxtəlif ölkələrindəki pərəstişkarlarının onun üçün çox dəyərli olduğunu vurğulayaraq, yeni tarixlərin müəyyənləşdirilməsi üçün böyük səy göstərdiklərini bildirib.
Yeni cədvələ əsasən, sənətçi 23-24 sentyabrda Ankaradakı Congresiumda, 27-28 sentyabrda isə İstanbul Konqres Mərkəzində səhnəyə çıxacaq.
Yusuf konsertlərin əvvəlcədən planlaşdırıldığı şəkildə baş tutacağını qeyd edib. O, açıqlamasında pərəstişkarlarından üzr istəyərək bu qərarı qəbul etməyin çox çətin olduğunu bildirib.
“Bunun bir çoxunuz üçün narahatlıq yaradacağını bilirəm. Belə qərarlar qəbul etmək inanılmaz dərəcədə çətin və üzücüdür. Lakin sizə mümkün olan ən yaxşı təcrübəni təqdim etmək üçün bu dəyişiklik zəruri idi”, - deyə sənətçi bildirib.
Sami Yusuf Türkiyədə səhnəyə çıxacaq olmasından məmnunluğunu da ifadə edib. O, türk torpaqlarında İpək Yolunun möhtəşəm mədəniyyətlərini qeyd edən dörd xüsusi və səmimi konsert təqdim edəcəyi üçün xoşbəxt olduğunu vurğulayıb.
İyun ayında keçirilməsi planlaşdırılan konsertlər üçün alınmış biletlərin yeni tarixlərdə də keçərli olacağı açıqlanıb. Yeni tarixlərdə konsertlərə qatıla bilməyən dinləyicilər üçün bilet dəyişimi və iade prosesinin 22 iyunda başlayacağı bildirilib.

