Amerikalı reper Kanye Uestin (YE) Qazaxıstanın Almatı şəhərində keçiriləcək konsertinin təxirə salınmasından sonra pərəstişkarları biletlərini satmağa başlayıblar. Bu barəTASS sosial şəbəkələrdə və rəsmi bilet satış platformalarında yerləşdirilən elanlara istinadən məlumat yayıb.
Almatıda konsertin avqustun 14-dən 15-nə keçirildiyi bildirilib. Avqustun 15-də, Bakı vaxtı ilə saat 21:00-da başlaması planlaşdırılan konsertə biletlərin satışı ilə bağlı platformalardan birində günorta saatlarında fiziki şəxslər tərəfindən 59 elan yerləşdirilib.
Biletlərin qiyməti 181,5 min tengedən (təxminən 392 dollar) başlayıb. Təxminən yarım saat ərzində satışa daha altı bilet çıxarılıb.
Rəsmi satışda biletlərin qiyməti 180-350 min tenge (390-755 dollar) arasında dəyişir. Digər platformalardan birində isə bilet 156 min tengeyə (336 dollar) təklif olunub.
Bununla belə, Kanye Uestin konsertinə biletlər geri qaytarılmayan hesab olunur. Təşkilatçılar bunu “dünya səviyyəli sənətçi ilə müqavilənin xüsusi şərtləri” və tədbirin hazırlanması ilə bağlı geri qaytarılmayan xərclərin yüksək olması ilə izah ediblər.

Pul yalnız konsertin təşkilatçının günahı ucbatından ləğv edilməsi, bilet sahibinin ağır xəstəlik səbəbindən xəstəxanaya yerləşdirilməsi və ya onun yaxın qohumlarından birinin vəfat etməsi hallarında geri qaytarıla bilər.
Almatı konsertinin təşkilatçısı First Media Group tədbirin təxirə salınması qərarının sənətçinin komandası tərəfindən şəhərdə hava şəraitinin kəskin pisləşməsi fonunda qəbul edildiyini açıqlayıb.
Qeyd olunur ki, həmin gün Almatıda güclü yağış, şimşək və küləyin şiddətli əsməsi müşahidə olunub. Bundan əvvəl şəhərin bəzi ərazilərində elektrik enerjisinin verilişində də fasilələr yaranıb.

