Sumqayıt şəhərinin müxtəlif keçə və prospektlərində, iaşə obyektlərinin sahibləri, qanunlara və ictimai etiketə zidd olaraq, obyektinin qarşısındakı piyada keçidini zəbt edib. Bu özbaşınalıq nəticəsində vətəndaşlar avtomobil yoluna çıxmağa məcbur olurlar . Eləcədə bu qanunsuzluq şəhərin ümumi görnüşünə xələl gətirməklə yanaşı, ətraf mühitin bərbah hala salınmasına şərait yaradır. Bu nə cür sahibkarlıq anlayışıdır? Pul qazanmaq naminə insanların təhlükəsizliyini saymamaq, nə etikaya, nə də qanunlara sığır. Daha da təəccüblüsü isə odur ki, obyekt sahibləri bu addımı hansı əsasla atdığını izah edə bilmir. Açıq-aşkar qanun pozuntusu ilə qarşı-qarşıyayıq, amma məsuliyyət hissindən, cəmiyyətə hörmətdən əsər-əlamət yoxdur.
Den.az xəbər verir ki, bütün bunları nəzərə alan Sumqayıt Şəhər İcra Hakimiyyətinin əməkdaşları şəhərin müxtəlif istiqamətlərində reydlərə başlayıb.
Aparılan maarifləndirmə işində sahibkarlara izah olunub ki, bu, təkcə bir piyada keçidinin zəbt olunması deyil – bu, şəhər mədəniyyətinə, vətəndaş hüquqlarına və ictimai təhlükəsizliyə edilən hücumdur. Belə hallara dərhal hüquqi qiymət verilməli, həmin obyektin məsuliyyət daşıyan şəxslərə qarşı ciddi tədbirlər görülməlidir. Cəmiyyət olaraq belə özbaşınalığa susmaq olmaz. Çünki bu gün bir piyada yoludur, sabah daha ağır nəticələrə gətirib çıxaran hadisələrlə qarşılaşa bilərik. Sumqayıt Şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən təşkil edilən reydlər davam edir...