Sumqayıt şəhərinin BTZ bağlarında yaşayan və 12 gündür itkin düşmüş 16 yaşlı Məhəmmədəli Sultanov ailəsinə qaytarılıb.
"Denmedia.az" xəbər verir ki, onun tapılması DenazTV-nin YouTube kanalında yayımlanan reportajdan sonra baş verib.
Məlumata görə, yeniyetmənin yeri barədə DenazTV-nin qaynar xəttinə Sumqayıt şəhər sakinlərindən biri məlumat verib. Bildirilib ki, Məhəmmədəli günlərdir Sumqayıt şəhərinin 9-cu mikrorayonunda, 74 saylı binanın qarşısında istifadəyə yararsız avtomobilin içində gecələyir və yaxınlıqda yerləşən kafelərdən birində çalışır.
Hadisədən xəbərdar olan atası Qabil Sultanov televiziya əməkdaşları ilə birgə həmin ünvana baxış keçirib. Nəticədə Məhəmmədəli Sultanov qeyd edilən avtomobilin içində aşkar olunub. Gənc dərhal ailəsinə təhvil verilib.
16 yaşlı yeniyetmə valideynlərinə bir daha evdən xəbərsiz uzaqlaşmayacağına söz verib. O, boks idmanı ilə məşğuldur, üç bacının yeganə qardaşıdır və hazırda Ceyranbatan Peşə Məktəbinin tələbəsidir.
Qeyd edək ki, Məhəmmədəli Sultanovun tapılması ilə bağlı daha ətraflı süjeti DenazTV-nin reportajında izləmək mümkündür.
Ellada Rəsul
Denmedia.az