Sumqayıt şəhərindən olan şəhid Şahüseynov Lətif Qəribalı oğlunun nəşi 33 ildən sonra tapılaraq kimliyi müəyyənləşdirilib və Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin doğmaları ilə yanaşı Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəov, Müdafiə Nazirliyinin nümayəndələri, şəhid ailələri və qazilər, idarə, müəssisə rəhbərləri, eləcədə şəhər sakinləri iştirak ediblər.
Lətif Şahüseynov 12 mart 1969-cu ildə Sumqayıt şəhərində anadan olub. O, Sumqayıt şəhəri, 42-ci məhəllədə yaşayıb, 29 nömrəli orta məktəbdə 8-ci sinifə qədər təhsil alıb. Daha sonra 41 nömrəli peşə məktəbində təhsilini davam etdirib.
1987-ci ildə Rusiyanın Volqoqrad şəhərinə hərbi xidmətə çağrılan Lətif Şahüseynov xidmətini başa vurduqdan sonra vətənə dönüb. 1992-ci ilin iyun ayında Dağlıq Qarabağda gedən döyüşlərə qoşulub və Milli Ordu sıralarında xidmət edib.
O, 28 iyun 1992-ci ildə Xocavənd uğrunda gedən döyüşlər zamanı itkin düşüb. Uzun illər ərzində taleyi məlum olmayan şəhidin nəşi Zaqatala rayonunun Dağlı kənd qəbiristanlığında naməlum əsgər kimi dəfn olunmuşdu.
2016-cı ildə ailə üzvlərinin verdiyi DNK nümunələri sayəsində şəhidin kimliyi müəyyən edilib.
Lətif Şahüseynov subay olub.

