Fövqəladə Hallar Nazirliyi isti hava şəraiti ilə əlaqədar vətəndaşları su hövzələrində istirahət zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.
FHN-in məlumatına görə, Bakı və Abşeron yarımadası da daxil olmaqla ölkənin bir sıra ərazilərində güclü isti müşahidə olunur və isti hava şəraitinin bazar günü də davam edəcəyi gözlənilir.
Nazirlik xatırladıb ki, kanallarda, çaylarda, arxlarda və çimmək üçün nəzərdə tutulmayan digər su hövzələrində çimmək qadağandır. Həmçinin çimərliklərdə müəyyən edilmiş təhlükəsiz zonaların hüdudlarından kənara üzmək təhlükəlidir.
Xüsusilə uşaqların su kənarında nəzarətsiz buraxılmaması, xilasedicilərin tələblərinə və xəbərdaredici nişanlara əməl olunması tövsiyə edilir.
FHN həmçinin qızmar günəş altında uzun müddət qalmağın və hava qaraldıqdan sonra çimməyin təhlükəli olduğunu bildirib.
Fövqəladə hal zamanı 112 qaynar xəttinə müraciət etmək tövsiyə olunur.

