Sumqayıtda yol hərəkəti təhlükəsizliyinin təmin olunması, ictimai asayişin qorunması və gecə saatlarında sakinlərin rahatlığının pozulmasının qarşısının alınması məqsədilə növbəti nəzarət-profilaktik tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, reydlər Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən aparılıb.
Tədbirlər zamanı şəhər ərazisində yüksək sürətlə hərəkət edən, motosiklet və digər motonəqliyyat vasitələrinin konstruksiyasına dəyişiklik edən, əlavə avadanlıqlar quraşdıran və səsboğucu sistemini dəyişdirərək yüksək səs yaradan sürücülər müəyyən edilib.
Bundan başqa, dövlət qeydiyyat nişanı olmadan və müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsi idarə edən şəxslər də aşkarlanıb.
DİN bildirir ki, qanunvericiliyə uyğun olaraq 30-a yaxın sürücü barəsində tədbir görülüb.
Sumqayıtda bu cür reydlərin davam etdiriləcəyi qeyd olunub.

