Əfsanəvi “The Beatles” qrupunun yaradıcılarından olan britaniyalı musiqiçi Pol Makkartni dünyanın ən varlı üç musiqiçisi sırasına daxil olub.
“Forbes” jurnalının məlumatına görə, 84 yaşlı sənətçinin sərvəti 1,4 milyard dollar qiymətləndirilir.
Siyahıya 2,8 milyard dollarlıq sərvətlə reper Jay-Z başçılıq edir. İkinci yerdə isə 2 milyard dollarla müğənni Teylor Svift qərarlaşıb.
Makkartninin əsas gəlir mənbəyi ona məxsus “MPL Communications” musiqi nəşriyyatı şirkətidir. Şirkət musiqiçiyə müəllif hüquqlarından gəlir əldə etməyə, eləcə də digər ifaçıların mahnılarına alınmış hüquqlardan qazanc götürməyə imkan verir.
Bundan başqa, sənətçi “The Beatles” üzvlərinin 1968-ci ildə yaratdığı “Apple Corps” şirkətinin 25 faizlik payına sahibdir.
Şirkətin illik gəlirinin 50 milyon dolları ötdüyü bildirilir. Makkartni bu gəlirdən öz payına uyğun ödəniş alır.
Beləliklə, Pol Makkartni 1,4 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin musiqiçiləri arasında üçüncü yerdə qərarlaşıb.

