Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Makron amerikalı siyasi şərhçi Kendis Ouensə qarşı ABŞ-də yenidən məhkəmə iddiası qaldırıblar.
Buna səbəb Ouensin Bricit Makronun guya əvvəllər kişi olması ilə bağlı yalan məlumatlar yaymasıdır.
AFP-nin məlumatına görə, prezident cütlüyü noyabrın 4-də Ouensin yaşadığı Tennessi ştatının federal məhkəməsinə müraciət edib.
Makronlar ilk dəfə 2025-ci ilin yayında Delaver ştatında məhkəmə iddiası qaldırıblar. Lakin hakim məhkəmənin Ouensə şəxsən qarşı irəli sürülən iddialara baxmaq səlahiyyətinin olmadığını əsas gətirərək həmin hissəni rədd edib. Bununla belə, Ouenslə əlaqəli iki şirkətə qarşı məhkəmə prosesinin davam etdirilməsinə icazə verilib.
Yeni şikayətdə bildirilir ki, Ouens ilk məhkəmə iddiasından sonra da fəaliyyətini dayandırmayıb, əksinə, Makron ailəsi haqqında yalan iddialarını daha da genişləndirib.
“Burada məqsəd həqiqəti üzə çıxarmaq deyil, məşhurluq qazanmaqdır”, – deyə sənəddə qeyd olunub.
Prezident cütlüyü yayılan məlumatların onlara böyük zərər vurduğunu bildirərək baş verənləri “beynəlxalq alçaldılma kampaniyası” adlandırıb.
Qeyd olunur ki, Bricit Makronun guya kişi olması barədə əsassız iddialar Ouensin hazırladığı “Becoming Brigitte” (“Bricitə çevrilmək”) adlı videolar silsiləsindən sonra daha geniş yayılıb.
Bu konspirasiya nəzəriyyəsinə əsasən, Bricit Makronun guya heç vaxt mövcud olmadığı, onun qardaşı Jan-Mişelin cinsiyyətini dəyişərək bacısının kimliyini mənimsədiyi iddia edilir.
Sözügedən iddiaların həqiqətə uyğun olmadığı bildirilir.

