Daha erkən saatlarda yuxuya getmək, gecə yuxusunun ümumi müddətindən asılı olmayaraq, çəki azalmasına kömək edə bilər.
ABŞ-nin Nyu-York Universitetinin alimləri bu nəticəyə gəliblər. Araşdırma “Nursing Research” elmi jurnalında dərc olunub.
Tədqiqatda 21–64 yaş arası, prediabet diaqnozu olan 196 nəfər iştirak edib. Onların hər biri sutkada 6,5 saatdan az yatırmış.
İştirakçılar iki qrupa bölünüb və səkkiz həftə ərzində düzgün qidalanma, fiziki aktivlik və stressin idarə olunması üzrə proqram keçiblər. Qruplardan birinə əlavə olaraq yuxu rejimini yaxşılaşdırmaq və daha erkən yatmaq barədə tövsiyələr verilib.

Nəticələr göstərib ki, hər iki qrupda yuxunun keyfiyyəti yaxşılaşıb və bədən çəkisi azalıb. Əlavə yuxu proqramında iştirak edənlər isə gündüzlər daha az yuxululuq hiss ediblər.
Araşdırmaya əsasən, hər bir saat daha erkən yuxuya getmək səkkiz həftə ərzində təxminən 600 qram daha çox çəki itkisi ilə əlaqəli olub. Bu əlaqə yuxunun ümumi müddətindən asılı olmayaraq müşahidə edilib.
Alimlərin fikrincə, erkən yatmaq gecə saatlarında qida qəbulunu azalda və iştahanın tənzimlənməsinə müsbət təsir göstərə bilər.
Lakin proqramların heç biri iştirakçıların qanında qlükoza səviyyəsinin nəzərəçarpacaq dərəcədə yaxşılaşmasına səbəb olmayıb.

