Londonun “Arsenal” klubunun sabiq baş məşqçisi Arsen Venger Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti vəzifəsinə namizədliyini irəli sürməyi nəzərdən keçirir.
“L'Équipe” nəşrinin məlumatına görə, 77 yaşlı mütəxəssisin yekun qərarını yaxın günlərdə açıqlayacağı gözlənilir.
Hazırda FIFA-nın qlobal futbolun inkişafı üzrə rəhbəri vəzifəsini tutan Vengeri təşkilatın hazırkı prezidenti Canni İnfantinoya qarşı seçkilərdə iştirak etməyə razı salmağa çalışırlar.

FIFA rəhbərliyinə seçkilərin 2027-ci il martın 18-də Mərakeşin paytaxtı Rabatda keçirilməsi nəzərdə tutulur. Namizədlərin müraciətləri noyabrın 18-dək qəbul ediləcək.
Potensial namizədlər arasında adı çəkilən KONKAKAF rəhbəri Viktor Montagliani isə seçkilərdə iştirak etməyi planlaşdırmır.
Qeyd edək ki, Arsen Venger 1996–2018-ci illərdə “Arsenal”a rəhbərlik edib. Onun dövründə London klubu üç dəfə İngiltərə çempionu olub, yeddi dəfə ölkə kubokunu və yeddi dəfə Superkuboku qazanıb.
Fransalı mütəxəssis həmçinin “Monako”, “Nansi” və Yaponiyanın “Naqoya” klublarını çalışdırıb.

