ABŞ Prezidenti Donald Tramp İranla müharibə zamanı Vaşinqtonun müdafiə etdiyi ölkələrin hərbi əməliyyatlara çəkilən bütün xərcləri ödəməli olduğunu bildirib.
Tramp bu barədə CBS News telekanalının “60 Minutes” proqramına müsahibəsində danışıb.
“Müharibə başa çatdıqdan sonra müdafiə etdiyimiz ölkələr çəkdiyimiz bütün xərcləri bizə qaytaracaqlar. Çünki biz olmasaydıq, həmin ölkələr mövcud olmazdı”, – deyə ABŞ Prezidenti bildirib.
Tramp xüsusilə İsrailin təhlükəsizliyinin təmin olunmasında Vaşinqtonun rolunu vurğulayıb.
“Biz olmasaydıq, İsrail mövcud olmazdı. Donald Tramp olmasaydı, İsrail mövcud olmazdı”, – deyə o iddia edib.
ABŞ Prezidenti artıq müvafiq ölkələrə bu tələbi çatdırdığını və hərbi xərclərin tam şəkildə ödəniləcəyini gözlədiyini açıqlayıb.
Lakin Tramp ödənilməli olan məbləği, kompensasiya verəcək ölkələrin adlarını və ödəniş mexanizmini konkretləşdirməyib.

