Bolqarıstanda 50-dən çox avtomobilin iştirakı ilə baş verən zəncirvari yol qəzalarında ölənlərin sayı 12 nəfərə yüksəlib.
Associated Press agentliyinin məlumatına görə, faciə noyabrın 10-da ölkənin cənub-şərqində, Yambol şəhəri yaxınlığındakı “Trakiya” magistral yolunda baş verib.
Qatı duman səbəbindən görmə məsafəsinin kəskin azalması iki ağır zəncirvari qəzaya səbəb olub. Toqquşmalarda minik avtomobilləri, avtobuslar, mikroavtobuslar və yük maşınları iştirak edib. Qəzalardan sonra nəqliyyat vasitələrindən birində yanğın başlayıb.
Son məlumatlara əsasən, 10 nəfər hadisə yerində, daha iki nəfər isə xəstəxanaya aparılarkən həyatını itirib. Ümumilikdə 46 nəfər tibbi yardım üçün xəstəxanalara çatdırılıb.
Hadisə yerinə polis, yanğınsöndürənlər, təcili tibbi yardım briqadaları və hərbçilər cəlb edilib. Yaralıların təxliyəsi üçün hava nəqliyyatı da səfərbər olunub.
Qəzalar səbəbindən magistral yolda hər iki istiqamətdə nəqliyyatın hərəkəti dayandırılıb.
Hadisənin başvermə şəraiti araşdırılır.

