Britaniyalı yazıçı Maykl Con Harrison 2026-cı il Buker mükafatına layiq görülüb.
81 yaşlı yazıçı “Hər şeyin sonu” (The End of Everything) romanına görə 50 min funt sterlinq (təxminən 67 min dollar) məbləğində mükafat qazanıb.
Bununla da Harrison Buker mükafatı tarixində ən yaşlı qalib olub. Əsər həmçinin bu nüfuzlu mükafata layiq görülən ilk elmi fantastika romanı kimi tarixə düşüb.
Satirik antiutopiya janrında yazılmış romanın hadisələri yaxın gələcəkdə, Britaniyada müəmmalı fəlakətdən sonra cərəyan edir. La-Manş sahillərində peyda olan yadplanetli varlıqlar insanların alışdıqları həyat tərzini alt-üst edir.
Yazıçı mükafatlandırma mərasimindən sonra bildirib ki, müasir ədəbiyyatı sərt janr sərhədləri ilə məhdudlaşdırmaq düzgün deyil.

“Bu kitab və indi də bu mükafat göstərir ki, bir əsərdə təkcə iki deyil, üç, hətta dörd janrı birləşdirmək mümkündür”, – deyə Harrison vurğulayıb.
Münsiflər heyətinin sədri, tarixçi Meri Bird romanı müasir siyasətə gələcəyin prizmasından baxış kimi qiymətləndirib.
Harrison qalibiyyət uğrunda Buker mükafatının əvvəlki laureatları Duqlas Stüart və Marlon Ceyms də daxil olmaqla, beş finalçını geridə qoyub.
Qeyd edək ki, “Hər şeyin sonu” yazıçının 13-cü romanıdır.

