Alimlər xüsusi kollagen gelinin artıq çəki artımını ləngidə, maddələr mübadiləsini yaxşılaşdıra və qaraciyərdə yağ toplanmasını azalda biləcəyini müəyyən ediblər.
Araşdırmanın nəticələri “Food & Function” elmi jurnalında dərc olunub.
Tədqiqat zamanı istiyədavamlı kollagen gelinin yüksək yağ tərkibli qidalanma nəticəsində piylənmə yaranmış siçanlara təsiri öyrənilib.
Nəticələr göstərib ki, kollagen geli qəbul edən heyvanlarda çəki artımı əhəmiyyətli dərəcədə ləngiyib, qanda xolesterol və triqliseridlərin səviyyəsi azalıb. Eyni zamanda qlükoza mübadiləsi və insulinə həssaslıq yaxşılaşıb, qaraciyərdə yağ yığılması azalıb.
Alimlərin fikrincə, bu təsir kollagenin həzm zamanı qlisin adlı amin turşusu ifraz etməsi ilə əlaqəli ola bilər. Qlisin orqanizmin antioksidant müdafiəsini gücləndirməyə və iltihabı azaltmağa kömək edir.

Bundan başqa, gelin bəzi komponentləri bağırsaq mikroflorasına müsbət təsir göstərərək faydalı bakteriyaların müxtəlifliyini artırıb.
Tədqiqatçılar hesab edirlər ki, əldə olunan nəticələr gələcəkdə piylənmə və maddələr mübadiləsi pozğunluqları ilə mübarizə üçün kollagen əsaslı qida məhsullarının hazırlanmasına imkan yarada bilər.
Lakin araşdırma hələlik yalnız siçanlar üzərində aparılıb. Kollagen gelinin insanlarda eyni nəticə verib-verməyəcəyi əlavə tədqiqatlarla müəyyənləşdirilməlidir.

