Görmə qabiliyyətinin zəifləməsi və ətrafdakı rənglərin əvvəlkindən daha solğun görünməsi katarakta xəstəliyinin əlaməti ola bilər.
Bu barədə tibb elmləri namizədi, oftalmoloq-cərrah Yelena Kazantseva “Radio 1”ə açıqlamasında bildirib.
Mütəxəssisin sözlərinə görə, görmənin bulanıqlaşması və rənglərin parlaqlığını itirməsi göz büllurunun bulanıqlaşması ilə müşayiət olunan kataraktanın inkişafından xəbər verə bilər.
Həkim qeyd edib ki, bu dəyişikliklər yaşla əlaqədar yarana bilər, lakin xəstəlik hər insanda fərqli inkişaf edir.
“Yalnız hiss edilən əlamətlər əsasında kataraktanı digər görmə pozuntularından fərqləndirmək mümkün deyil. İlkin mərhələlərdə yeni eynəklərdən istifadə və daha uyğun işıqlandırma kömək edə bilər. Lakin göz büllurunun bulanıqlaşması gündəlik həyata mane olmağa başlayırsa, həkim onun dəyişdirilməsi üçün əməliyyat məsələsini müzakirə edir”, – deyə mütəxəssis bildirib.
Kazantsevanın sözlərinə görə, əməliyyat qərarı müayinənin nəticələri və xəstənin gündəlik ehtiyacları nəzərə alınmaqla verilir. Bu zaman insanın oxumaq, işləmək, hərəkət etmək və avtomobil idarə etmək qabiliyyətinin nə dərəcədə təsirləndiyi qiymətləndirilir.

