Rusiyanın Saxalin vilayətində xilasedicilər güclü qar səbəbindən bağ evində köməksiz vəziyyətdə qalan 83 yaşlı kişini xilas ediblər.
Bu barədə Xolmsk şəhər dairəsinin meri Dmitri Lyubçinov MAX platformasındakı kanalında məlumat verib.
Onun sözlərinə görə, yaşlı kişi “Nikolayçuk” bağçılıq birliyində yerləşən bağ evinə gedib. Bundan sonra onunla əlaqə kəsilib.
Əlverişsiz hava şəraiti və güclü qar yağması nəzərə alınaraq əraziyə qəza-xilasetmə dəstəsi göndərilib. Xilasedicilər bağ evinə çatmaq üçün qar motosikletləri ilə birbaşa dəmir yolu xətləri boyunca hərəkət ediblər.
Məlum olub ki, hava şəraitinin qəfil pisləşməsi səbəbindən 83 yaşlı kişi evinə qayıtmaq üçün dəmir yolu stansiyasına vaxtında çata bilməyib və şəhərlə əlaqəsi kəsilib.
Xilasedicilər yaşlı kişini qar əsirliyindən qurtarıblar.

